MÜASİR İNTERYER DİZAYN
Ənənəvi dizayn ideyalarının müasir interyer dizaynından əsas fərqlərini bu məqalədən oxuya bilərsiniz. Müasir interyer dizayn üslublarını ənənəvi dizayndan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, müasir layihələrdə konkret olaraq hansı dizayn stilindən istifadə edildiyini müəyyən etmək bəzən çətin olur. Əsas məqsəd də elə budur: iki və ya daha çox dizayn stilindən ustalıqla istifadə edərək harmonik və balanslaşdırılmış bir mənzərə yaratmaq.
Ən müasir interyer dizayn konseptlərində, ənənəvi yanaşmadan fərqli olaraq diqqət çəkən əsas üslublardan biri minimalizmdir. İnsanlar minimalizmi çox vaxt sərt bir soyuqluq və narahatlıqla eyniləşdirməyə meyllidirlər. Əslində isə daha isti və zərifliklə aşılanmış minimal interyer dizaynı bizə daha cazibədar vizual görünüş vəd edir. Sadəlik, incəlik, rahatlıq və ahəngi məhz minimalizm formatında tapa bilərsiniz.
İnteryer dizayn trendlərini nəzərdən keçirərkən, sadə görünən cisimlərin köməyi ilə daha mənalı, əhəmiyyətli və eyni zamanda zövqlü bir üslubun yaradılması daha məqsədəuyğundur. İnsanlar tez-tez müasir interyer dizayn üslublarını bir-biri ilə qarışdırsalar da, onları özünəməxsus edən bir neçə fundamental fərq mövcuddur. Müasir interyer dizayn tendensiyaları daha çox sərbəstliyə malikdir. Dizaynerlər müxtəlif üslubları sintez edərək stillərin növ müxtəlifliyini artırırlar.
Siz öz zövqünüzə uyğun müasir dizayn üslublarını seçərək, onlarda ənənəvi dizayndan ortaq elementlər də istifadə edə bilərsiniz. Məsələn, sahil mənzərəli evlər üçün evin ətraf mühitlə uzlaşması xüsusi əhəmiyyət kəsb edir. Burada adətən parlaq cizgilərdən, mavi və yaşıl tonlardan istifadə olunur. Hər bir halda, bu cür dizayn insanı mənəvi olaraq rahatladır və əhval-ruhiyyəni yüksəldir.
